Ruhların dirildiyi gün: Aşura

Dərc edildi:
2026-06-25
Oxuma vaxtı:
3 dəqiqə
Baxış sayı:
3
Blog Image

Hər il Məhərrəm ayı gələndə qəlbimizə hüznlə yanaşı qəribə bir şövq də dolur. Hüzn anlaşılandır – axı Kərbəla bəşər tarixinin ən böyük müsibətlərindən biridir. Bəs bu şövq hissinin mənbəyi nədir?


Əksəriyyətimiz Kərbəlanı Peyğəmbər balasının haqsız yerə qətlə yetirilməsi və bu böyük müsibət qarşısında vicdani bir borc, bir matəm kimi dəyərləndiririk. Lakin Aşuraya yalnız bir faciə kimi baxmaq onun əsl mahiyyətini tam izah etmir.


Bir anlıq hadisənin zahiri tərəfini kənara qoyub bir sual verək:
Niyə?
Niyə yer üzündə Allahın höccəti olan imam özünü, özündən sonrakı digər iki imamı, xanım Zeynəbi (ə) və körpə Əli Əsğər daxil olmaqla bütün ailəsini bu aşkar qətliama və əsirliyə apardı? Əgər məqsəd sadəcə Yezidə beyət etməmək idisə, İmam Hüseyn (ə) daha təhlükəsiz bir diyara çəkilə bilməzdimi?

Aydın məsələdir ki, İmam Hüseyn (ə) nə öz müqəddəs canını, nə də doğmalarının canını sadə bir siyasi etiraz üçün fəda etməzdi. Deməli, Kərbəlanın arxasında daha böyük bir məqsəd var idi.


Qədir-Xumdan Kərbəlaya


Allah-taala Qədir-Xum günü buyurdu:
"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım..." (əl-Maidə, 3)
Bu ayə göstərir ki, dinin kamilliyi imamət sistemi ilə bağlıdır. Namaz, oruc və digər hökmlər artıq nazil olmuşdu. Lakin Allah dinin kamilliyini imamətin elan olunduğu gün bəyan etdi.
Çünki insan ruhunun təkamül edib şərafətə çatması yalnız kamil insanı — ilahi övliyanı tanımaq və sevməklə mümkün olur.


Elə buna görə də Quranda buyurulur:
"De: Mən sizdən bunun müqabilində qohumluq məhəbbətindən (Əhli-Beytə sevgidən) başqa bir mükafat istəmirəm..." (əş-Şura, 23)


Lakin tarix başqa cür cərəyan etdi. İmamlar siyasi hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyətdə olmayan kamil insanın həqiqi gözəlliyini isə geniş kütlələr görə bilməzdi.


İmam Hüseyn (ə) gördü ki, əgər vəziyyət belə davam etsə, gələcək nəsillərə dindən yalnız tarixi məlumatlar və şəriət hökmləri qalacaq. İnsanlar imamı tanıyacaq, amma onu ruhən hiss etməyəcəklər...


Kərbəla – ruhlara xitab edən bir hərəkat


İmam Hüseyn (ə) hələ sağ ikən hədəfini bu sözlərlə bəyan etmişdi:
“Mən elə bir qətlə yetirilənəm ki, insanların insani duyğularını təhrik eləyərəm”. 


Həzrət bilirdi ki, sadə bir tarixi hadisə insan fitrətini oyatmağa kifayət etməyəcək. Elə bir qovğa, elə bir hərəkat lazımdır ki, əsrlər keçsə də insan qəlbini titrətsin. Buna görə də İmam Hüseyn (ə) Kərbəlada hər bir detalını incə-incə hesabladığı bir tablo yaratdı: bütün ailəsini özü ilə götürməsi, altı aylıq Əli Əsğərin şəhadəti, Həzrət Abbasın misilsiz vəfası və xanım Zeynəbin əzəmətli mətanəti... 

Bu tablonun yeganə məqsədi var idi: Aşura məclisləri qurulsun, Kərbəla hər il vərəqlənsin və insanlıq İmam Hüseynin (ə) simasında imamın kim olduğunu, nə qədər ali, nə qədər şəfqətli və insanları hər şeyini fəda edəcək qədər sevdiyini ruhən hiss etsin və ona aşiq olsun ki, bu eşq bu sevgi onu hidayətə çatdırsın. 


Bu gün Aşuradır...


Bu gün həmin böyük hədəfin gerçəkləşdiyi gündür.
İmam Hüseyn (ə) özünün və doğmalarının canı, ailəsinin əsirliyi bahasına insanlıqla imamət arasında qırılmış körpünü yenidən qurdu. O, qiyamətədək bəşəriyyət üçün "Səfinətün-Nəcat" — nicat gəmisi oldu.


Bu gün tökülən bir damla göz yaşı sadəcə emosional bir reaksiya deyil. Bu, ruhun öz imamını tanıması, ona meyl etməsi və onu sevməsidir. Bu tanıma və sevgi isə təsadüfi bir hiss deyil; insanın daxilindəki fitri kamala meyldən qaynaqlanır. Çünki insan ruhu kamalı sevdiyi zaman paklanır, cilalanır və yalnız bundan sonra Allahı həqiqi mənada tanımağa hazır hala gəlir. Allah ağılla dərk edilən deyil, paklanmış ruhla tanınan bir həqiqətdir.


Məhz buna görə Kərbəla yalnız bir tarixi hadisə deyil. Aşura yalnız bir matəm günü deyil. Bu gün, İmam Hüseynin (ə) sanki Allahla “əl-ələ verib” bütün bəşəriyyətin nicatı üçün bu vaqiəni ilahi bir rəhmət olaraq yaratdığı gündür.


Niyə həm hüzn, həm də şövq


İndi bizə aydın olur ki, niyə hüznlə yanaşı qəlbimizdə şövq də var.
Çünki bu günlərdə insanın fitrəti, özü də fərqində olmadan vəcdə gəlir. Kamal aşiqi olan ruh bu vaqiənin gözəlliklərini seyr etdikcə öz imamını tanıyır və ona aşiq olur. 
Kərbəlanın hədəfi də məhz elə budur: insanın qəlbində imama məhəbbət oyadaraq onu hidayətə aparmaq.


Bu gün, əsrlər sonra belə milyonlarla insanın "Hüseyn" adını eşidəndə gözləri yaşarırsa, qəlbləri riqqətə gəlirsə və fitrətləri oyanırsa, deməli İmam Hüseyn (ə) öz hədəfinə çatıb.


Salam olsun Hüseynə (ə)!
Salam olsun Onun yolunda canından keçən vəfalı köməkçilərinə!
Salam olsun Aşura məktəbini yaşadan bütün oyaq fitrətlərə!

Dərc edildi:
2026-06-25
Oxuma vaxtı:
3 dəqiqə
Baxış sayı:
3
Hamısı